logo

Əsirlikdən qayıdan Bayramın şikayəti var

09:19 24-04-2021 | icon 3297
Əsirlikdən qayıdan Bayramın şikayəti var

"Hələ də əsirlikdə verilən işgəncələrin yerləri ağrıyır, gecələr ağrıdan zarıyıram. Otura, qaça bilmirəm, səhhətimdə ciddi problemlər var. Bütün bunlara baxmayaraq, indiyə kimi mənə əlillik təyin olunmayıb”.

YeniAvropa xəbər verir ki, bu şikayətlə  Vətən müharibəsi zamanı düşmənə əsir düşən və bir aya yaxın Ermənistanda əsirlikdə qaldıqdan sonra Vətənə qaytarılan Bayram Kərimov müraciət edib.

Onun sözlərinə görə, səhhətindəki problemlər səbəbindən əlillik təyinatı üçün yaşadığı Gəncə şəhərində tibb müəssisəsinə müraciət edib. Oradan bildirilib ki, Bakıdakı hərbi hospitaldan şəhadətnamə gətirməlidir ki, Əlillik Alt Sisteminə forma 88 daxil edilsin. Şikayətçi iddia edir ki, vəziyyəti ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında ədalətli araşdırılma aparılmayıb və onu xidmətə yararlı kimi göstəriblər: 
 
"Noyabrın 8-də Şuşa, Xankəndi istiqamətində döyüşlərdə ağır yaralandım. Yolun qırağında qaldım. Qanaxmam çox olduğuna görə huşumu itirdim, ermənilərin dediklərinə görə, məni noyabrın 11-i tapıblar. Ayıldanda gördüm ki, əllərim qandaldadır, ayaqlarımı bağlayıblar. Başımın altına sərt yastıq qoydular ki, hər şeyi gözümlə görə bilim. Nə narkoz, nə də keyidici vurdular. İşgəncə verə-verə 3 saat əməliyyat elədilər, qarnımı yarıb, bağırsağımı töküb 2 güllə çıxarıblar. Hospitalda isə deyirlər ki, yarıb eləcə tikiblər, guya gülləni belimdən çıxarıblar və xidmətə yararlıyam, mənə əlillik düşmür. Necə yararlıyam ki, otura bilmirəm, ağrıdan zarıyıram? Ağrılarım həddindən artıq çoxdur, sümüklərin sızıldayır. Sağ tərəfimdə ümumiyyətlə keyimə gedir. Dərdimi deyirəm həkimlər bir-birinə ötürürlər. Sənədlərə ağızlarına gələni yazıb ancaq əsəb verirlər. Axırda bezib sənədləri də üstlərinə tullayıb çıxıb gəlmişəm”.  
 
Şikayətlə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, Bayram Kərimovun sənədlərinə yenidən baxılacaq və bu barədə məlumat veriləcək.  
 
Qeyd edək ki, 29 yaşlı Bayram Kərimov könüllü olaraq Vətən müharibəsinə qoşulub və noyabrın 11-də əsir götürülüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dekabrın 14-də Azərbaycana qaytarılıb. 
 
"Qafqazinfo”