logo

Korrupsiyaya bulaşan həkimlər...

21:11 22-04-2021 | icon 2359
Korrupsiyaya bulaşan həkimlər...
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə qarşı mübarizə davam edir. Demək olar ki, artıq kimliyindən asılı olmayaraq, korrupsiyaya bulaşanlar, mənimsəmədə iştirak edənlər və vəzifə səlahiyyətlərini aşanlar qanun qarşısında cavab verir.
 
YeniAvropa xəbər verir ki, bu gün onların sırasına daha iki yüksək vəzifəli şəxsin qoşulduğu rəsmən açıqlandı. Bəlli oldu ki, "Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev koronavirusa yoluxan xəstələrdən rüşvət alıb. Buna görə ittiham olunan hər iki şəxs və onlara yardım edənlərlə bağlı həbs-qətimkan tədbiri seçilib.
 
 
Məsələ burasındadır ki, Hippokrat andını pozan təkcə Abbaslova Ağayev deyil. Təkcə son 1 il ərzində neçə-neçə baş həkim vəzifə səlahiyyətlərindən istifadə etməsinə, rüşvət almasına və saxtakarlığa yol verməsinə görə məsuliyyətə cəlb olunub.
 
Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru Cəlil Nəzərov bu ilin yanvarında saxlanılıb. Məlum olub ki, Cəlil Nəzərov ona müraciət edən vətəndaşlardan əlillik dərəcəsinin təyin edilməsi üçün rüşvət alıb. Bundan başqa, xidməti otağında və digər aidiyyəti ünvanlarda axtarış aparılan zaman 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, xəstəliklər üzrə diaqnozların müəyyən olunması və sair təyinatlar üzrə çoxsaylı vətəndaşların adlı siyahısı və həmin vətəndaşlardan alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkar olunaraq götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.
 
 
Həmin tarixdə saxlanılanlardan biri də Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov, inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovdur. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qulluq mövqeyinə qəsdən zidd olaraq xəstəxananın Təxirəsalınmaz Tibbi Yardım bölməsinin bir neçə əməkdaşına "COVİD-19” pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəməyiblər.
 
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
 
 
Neftçala Mərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov da fevralın sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin rayonda keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Səbail rayon məhkəməsinin qərarı ilə Telman Zahidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. O, rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurdu.
 
 
Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoru Səidə Şahpələngova barəsində cinayət işi isə ötən il açılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verib, dövlət əmlakını mənimsəyib, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı verməsi faktları üzə çıxıb. Sonradan törədilmiş cinayətlər nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.
 
 
Yazının əvvəlində də qeyd olunduğu kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə qarşı mübarizə davam etdirilir. Düzü, eyni əməllərlə məşğul olanların bugünkü həbslərdən dərs çıxaracağı heç də inandırıcı görünmür. Çünki, 2019-cu ildə ilk dəfə Ağstafanın icra başçısı Nizaməddin Quliyevin həbsindən dərs çıxaranlar olsaydı, bu gün həbsdə olan keçmiş rayon rəhbərlərinin sayı 6-ya çatmazdı.
Rüşvətə bulaşanları dayandırmağı tək yolu isə onları məsuliyyətə cəlb etməkdir ki, bu da lazımi qaydada yerinə yetirilir./Qafqazinfo