Paytaxtın neft mədənlərindən birində yaralı vəziyyətdə olan kərkəs aşkar edilib.
YeniAvropa xəbər verir ki, ayağından və qanadlarından yaralanan qara kərkəs Səbail rayonunda, SOCAR-ın "Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin ərazisində tapılıb.
Belə ki, mədən ərazisinin mühafizəsini təşkil edən "Security Operatiyon Services” şirkətinin əməkdaşları xidmət etdikləri sahədə gəzərkən neft buruqlarının arasında köməksiz vəziyyətdə qalan nadir quş onların diqqətini çəkib. Onlar quşu neft buruqlarının arasından götürüb şirkətin mərkəzi binasına gətirib. Quşa su və yem verilib.
Daha sonra "Security Operatiyon Services” şirkəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən quşun "Qırmızı Kitab”a daxil edilmiş qara kərkəs olduğu müəyyən edilib. Nadir quş nazirlik əməkdaşlarına təhvil verilib.Həmin görüntüləri "Baku TV" yayıb.