Bu il yanvarın 12-də saat 20 radələrində Şəki rayon sakini Əhmədova Ruqiyə Şükür qızının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şəki rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Şəki rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla qeyd edilən tarixdə Cəlilov Rahim Tahir oğlunun sərxoş vəziyyətdə Şəki şəhərinin Bağbanlar küçəsi ünvanında yerləşən evinə gəldikdən sonra qayınanası Ruqiyə Əhmədova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun qızı və azyaşlı nəvələrinin gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək Ruqiyə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Rahim Cəlilov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.