Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini O.Səfərov daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 104 qrama yaxın metamfetamin və narkotik maddələrin satışında istifadə edilən plastik bank kartı aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Xətai rayonu ərazisində kirayədə yaşadığı mənzildən isə 28 kiloqram 790 qram heroin, 5 kiloqram 150 qram metamfetamin, 453 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi və narkotik maddələrin satışından əldə olunan 1000 manat pul götürülüb.
Faktla bağlı araşdırma aparılır.