logo

Baş prokuror itkin hərbçilərimizin işini xüsusi nəzarətə götürdü

16:49 08-04-2021 | icon 1547
Baş prokuror itkin hərbçilərimizin işini xüsusi nəzarətə götürdü

Baş prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluqda keçirilən görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Qeyd edək ki, bu gün səhər 44 günlük Vətən müharibəsində itkin düşən hərbçilərin yaxınları Prezident Administrasiyasının qarşısında toplaşıblar.
Bir qədər sonra baş prokuror Kamran Əliyev Prezident Administrasiyasının qarşısına gəlib və hərbçilərin yaxınlarını qəbula dəvət edib. Onlar birgə Baş Prokurorluğun köhnə inzibati binasına gediblər.
Hərbçilərin yaxınları bildiriblər ki, K. Əliyev onları daha əvvəl də qəbul edib, lakin bunun heç bir nəticəsi olmayıb.
Xatırladaq ki, itkin düşən hərbçilərin yaxınları axtarışların lazımi səviyyədə aparılmadığını iddia edirlər. Onlar bu iddia ilə bir neçə gün əvvəl Müdafiə Nazirliyinin də qarşısında etiraz aksiyası keçirmişdilər.