"Gömrük komitəsinin yığdığı hər manat vətəndaşın cibindən gedir”.
YeniAvropa xəbər verir ki, bunu REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O bildirib ki, Gömrük Komitəsi insanların canını boğazına yığıb:
"Gəlin, komitənin sədri Səfər Mehdiyevin açıqlamasına diqqət yetirək: "Dövlət Gömrük Komitəsi cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119,55 % əməl edib. Nəzərdə tutulan proqnozdan əlavə 153,5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub". Bu açıqlama komitənin sədri Səfər Mehdiyevə aiddir. Bu adam belə danışanda havalanıram , elə bil özəl müəssisə direktorudur, şirkət rəhbəridir. Sanki istehsal edir, beyni, ağlı, biliyi ilə pul qazanır ki, fəxrlə belə bəyanat verir.
Siz guya mesaj verirsiniz ki, "Baxın ha, daha düz işləyirik, çox pul yığırıq, bizə dəyməyin, ləğv etməyin”. Bu da absurddur. Çünki Gömrük Komitəsi bütün növ mallara xaricdə alınan rəsmi qaimələri (invoice) tanımır, özündən hoqqa çıxarıb mala qiymət qoyur”.
N.Cəfərli ,həmçinin, vurğulayıb ki, Gömrük Komitəsi şişirdilmiş qiymətlə rüsum hesablayıb insanları yükləyir:
"Sonra da çıxıb pandemiya, iqtisadi aktivliyin azaldığı dövrdə daha çox pul yığdığını deyir. Birdəfəlik bilin ki, iş adamı rüsumu cibindən vermir, bütün xərcləri malın qiymətinin üzərinə gəlir, son ödəyici vətəndaş olur. Camaatdan plandan artıq yığdığınız pula görə, bazarda qiymətlər də artır”.