Paytaxtın küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bu məqsədlə yol polisləri tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilib. Bakı şəhərinin müxtəlif nöqtələrində keçirilən reydlərdə avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılması təmin edilib.
Qeyd olunub ki, dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar.
Bir daha sürücülərdən “Yol hərəkəti haqqında” qanunun tələbləri çərçivəsində yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması, özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunur.