logo

Bakı gömrüyünün rəisinə ağır ittiham - "Qablarımı oğurlayıb..."

11:33 01-04-2021 | icon 1708
Bakı gömrüyünün rəisinə ağır ittiham - "Qablarımı oğurlayıb..."

Çindən satış üçün Azərbaycana şüşə qablar gətirən sahibkar - "Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov tərəfindən mallarının bir qisminin oğurlandığını iddia edir.

YeniAvropa xəbər verir ki, bununla bağlı sahibkar Ramil Aslanov ölkə rəhbərliyinə və müvafiq qurumların rəhbərlərinə açıq məktubla müraciət edib.

Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovdan şikayətçi olan Ramil Aslanov gömrükdə üzləşdiyi qanunsuz fəaliyyət və süründürməçilik hallarına son qoyulması üçün prezident İlham Əliyevdən kömək istəyir.

Sahibkar iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov 01211000081340 saylı gömrük bəyannaməsi üzrə "Lion Centre” MMC-nin adına Çin Xalq Respublikasından idxal edilən şüşə qablardan bir neçəsini icazəsiz şəkildə özü ilə aparıb.

Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun ona qarşı bu hərəkətini "oğurluq" adlandırıb.

Sahibkar ona məxsus malların Kənan Məmmədov tərəfindən qanunsuz şəkildə aparılmasını əks etdirən kamera görüntüləri olduğunu da söyləyib:

"Bu il martın 18-də gömrük rəsmiləşdirməsini keçdikdən bir gün sonra Bakıdakı İpək Yolu terminalından "Lion Centre” MMC-nin sistem üzrə qeydiyyatda olduğu anbara boşaldılan mallarıma bir gün sonra Kənan Məmmədov anbara gələrək şəxsən baxış keçirib. Həmin günün səhəri təxminən saat 09:15-də ölkəmizdə elan edilmiş pandemiya qaydalarını kobud şəkildə pozaraq tibbi maskasız anbara gələn Kənan Məmmədov prosessual normalara belə əməl etməyərək mallardan bir neçəsini heç bir qeydiyyat və sənədləşdirmə olmadan özü ilə aparıb.

Kənan Məmmədov səbəb kimi də işçilərimə bildirib ki, guya malların xrustal olmasından şübhələnir, elə o səbəbdən də onları labaratoriyaya ekspertizaya aparır və sairə. Bütün bunların kamera görüntüləri bizdə var və yayacağıq.

Kənan Məmmədov yaxşı bilməlidir ki, anbarıma doldurulmuş malın çəkisi Azərbaycan sərhədinə daxil olduqda 1-ci dəfə, daxil olandan sonra Biləsuvar gömrüyündə 2-ci dəfə və İpək Yolu terminalına daxil olanda da 3-cü dəfə xüsusi tərəzilər vasitəsi ilə çəkilir. İlk öncə onu qeyd etməliyəm ki, malları idxal etdiyim Çin Xalq Respublikasında xrustal mallar istehsal olunmur. Həmin mallar sadə şüşədir. Bu mala aid sənədlərdə də qeyd edilib. Bunu gətirdiyim maşının brutto çəkisi (22600 kq) və netto çəkisi (21760 kq)-də sübut edir.

Kənan Məmmədov ölkəmizdə mebel işini özəlləşdirdiyi kimi indi də şüşə malları, mətbəx qabları biznesini də özəlləşdirmək niyyətindədir. O, bütün sahibkarları yaratdığı broker xidmətinə yönəldir, qab-qacaq gətirilməsini monopoliyada saxlamağa çalışır".

Ramil Aslanov iddia edir ki, Kənan Məmmədov qanunu pozaraq, pandemiya qaydalarına əməl etmir və iş prosesində tibbi maska taxmır.

"Yəqin ki, Kənan Məmmədov öz general rütbəsindən istifadə edərək düşünür ki, Azərbaycan Respublikasının Gömrük Məcələsinin 64.7,64.8 və 65.7-ci maddələrində nəzərdə tutulmuş qaydalar və şərtlər ona aid deyil?

Gömrük Məcəlləsinin 65.7-ci maddəsində göstərilir ki, "Gömrük nəzarətindən keçməli olan mallardan prob və nümunələr gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada götürülür”.

Eyni zamanda 64.8-ci maddə də göstərilir ki, "Şəxsi yoxlama aparılması haqqında bu Məcəllənin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib olunur”.

Bütün bunlardan belə çıxır ki, Kənan Məmmədov Gömrük Məcəlləsindəki müdəaların hələ də ona şamil edilmədiyini düşünür".

Yazıda səsləndirilən ittihamlarla bağlı Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.