logo

Baş Prokurorluq “Azel TV”nin baş redaktorun xanımına xəbərdarlıq etdi 

16:26 30-03-2021 | icon 1932
Baş Prokurorluq “Azel TV”nin baş redaktorun xanımına xəbərdarlıq etdi 

Baş Prokurorluq həbsdə olan “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovaya xəbərdarlıq edib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun bu gün yaydığı məlumatda deyilir:

"“Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradov və “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən cinayət başında yaxalanıblar. Cinayətin predmeti olan 10 min manat məbləğində pul vəsaiti aşkarlanaraq götürülüb.

Əfqan Sadıqov və Sakit Muradovun Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və həmin Məhkəmənin 2020-ci il 3 noyabr tarixli hökmü ilə Əfqan Sadıqov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 28 yanvar tarixli qərarı ilə hökm Əfqan Sadıqova münasibətdə dəyişdirilərək, təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.

Habelə həmin hökmlə Sakit Muradov həmin maddələrlə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. İbtidai istintaq və məhkəmə baxışı zamanı nümayiş etdirdiyi səmimi etiraf, peşmançılıq və digər yüngülləşdirici hallar nəzərə alınaraq, ona təyin edilmiş cəza cinayət qanunvericiliyinə müvafiq olaraq 3 il sınaq müddəti ilə şərti hesab edilib.

Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Əfqan Sadıqovun təqsirləndirildiyi cinayət işi üzrə sonuncunun həyat yoldaşı Sevinc Sadıqova və özünü müxalifət adlandıran bəzi məsuliyyətsiz qruplaşmalar tərəfindən ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etmək məqsədi güdən bu növ bəyanatların yayılması ilə Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyası aparılaraq həyata keçirilən hüquqi tədbirlərin üzərinə kölgə salmağa yönələn məlumatlar yayılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha həqiqətə uyğun olmayan informasiyaları yaymaqla ictimai çaşqınlığa səbəb olan kütləvi informasiya vasitələrini bu sahədə milli qanunvericiliyin tələblərinə riayət etməyə, dəqiqləşdirilməmiş, qərəzli, mənbəyi məlum olmayan, konkret hadisələrin mahiyyətini təhrif edən informasiyaların yayımlanmasına yol verməməyə çağırır.

Eyni zamanda, Baş Prokurorluq bu tipli yalan və qərəzli məlumatları yayan, habelə sosial şəbəkə və kütləvi informasiya vasitələrinə ötürən şəxslərə, o cümlədən vətəndaş Sevinc Sadıqovaya həmin qanunsuz əməllərin davam etdiriləcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edərək onları bu növ hüquqazidd hərəkətlərdən çəkinməyə çağırır".