Martın 22-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızının meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hacıağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.