Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.
YeniAvropa xəbər verir ki, bu il Azərbaycana yazın gəlişi martın 20-si Bakı vaxtı ilə saat saat 13:37-yə təsadüf edəcək . Həmin saatdan etibarən şimal yarımkürəsində yaz fəsli başlanıb, gecə-gündüz bərabərləşib. Yazın gəlişi martın 20-nə təsadüf etdiyindən Novruz bayramı elə bu gün qeyd olunur.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur.
Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.