Martın 18-də saat 23 radələrində Nəsimi rayonu ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğlunun üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.
Nəsimi rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.