logo

DİN Ağdamda minaya düşən şəxslərlə bağlı məlumat yayıb

21:59 16-03-2021 | icon 1652
DİN Ağdamda minaya düşən şəxslərlə bağlı məlumat yayıb

Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd edilib: “Bu gün,martın 16-da saat 17 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər. Nəticədə Razi və Bayram Hüseynov qardaşları həlak olub, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər”.