Martın 14-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Binəqədi rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qayınatası 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Taleh Mirzəyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Mehdi Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.