Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konvensiyasının və əlavə protokollarının tələblərinə əsasən Türkiyə Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunması barədə sorğu edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zalov Rövşən Azad oğlunun 2017-ci ildə Bakıda özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək Almaniyada yaşayıb işləmək üçün viza açdırmağı və göndərəcəyini vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını (pul vəsaitlərini) ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib. R.Zalov barəsində beynəlxalq axtarış elan olunub.
Axtarışda olan şəxsin yerinin müəyyənləşdirilməsi əsası ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Türkiyə Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin olunub və R.Zalov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.