logo

30 kq-dək narkotikanın Azərbaycana  keçirilməsinin qarşısı alınıb

12:20 11-03-2021 | icon 6167
30 kq-dək narkotikanın Azərbaycana  keçirilməsinin qarşısı alınıb

Son günlərdə  Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində  təxmini çəkisi 30 kiloqram olan narkotik vasitənin, psixotrop və güclü təsirli maddələrin, eləcə də silah-sursatın dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nın mətbuat mərkəzindən bildirilib. Qeyd edilib ki, fevralın 27-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində şübhəli şəxs qismində saxlanılmış 1991-ci il təvəllüdlü Cəlilabad rayon sakini Xəlilov Natiq Mais oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində 3 kiloqram 87 qram qurudulmuş marixuana, 2 kiloqram 941,4 qram heroin, 730 həb metadon, 120 kapsul preqabalin, 1 kiloqram 945,8 qram metamfetamin, həmçinin 9 millimetr kalibrli “Baredda A6” və 8 millimetr kalibrli “Lord T822” markalı tapançalar aşkarlanaraq götürülüb.

Martın 4-də Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Nəcəfzadə Ceyhun Eyvaz oğlu olması müəyyənləşdirilmiş həmin şəxsin əlindəki bağlamaya baxış zamanı 192,8 qram heroin, 982,2 qram tiryək, 3 kiloqram 7,1 qram həşiş qətranı, 60 ədəd metadon, 100,1 qram metamfetamin, 224 kapsulda preqabalin həbləri aşkarlanıb.

Martın 6-da Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi üzrə tədbirlər nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “Nexia Ravon” markalı 90-PN-378 dövlət nömrə nişanlı avtomobil içərisində üç nəfər sərnişin ilə birlikdə saxlanılıb. Avtomobilə baxış zamanı göy rəngli bağlamanın içərisində 16 kiloqram 983,18 qram tiryək və 400 ədəd М40 həbləri aşkarlanaraq götürülüb. Avtomobildəki şəxslərin Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü İbrahimov Zaur Məzahir oğlu, 1998-ci il təvəllüdlü Zeynalov Ramiz Rafiq oğlu və Şamaxı rayon sakini 1998-ci il təvəllüdlü İbadov Sərvin Sərvər oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Bütün faktlar üzrə cinayət işləri başlanılıb. Saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçiliblər.