Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20, arabir 23-28 metr/saniyə olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir saniyədə 30-33 metrədək güclənəcəyi gözlənilir.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, martın 11-də arabir yağış yağacağı, martın 12-də gündüz yağışın sulu qar, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Martın 12-də günün ikinci yarısında çovğun olacağı ehtimal edilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək, martın 12-dən 13-nə keçən gecə 0° olacaq.
Martın 11-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, martın 12-də arabir 23-28, ayrı-ayrı yerlərdə arabir 30-33 metrədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.