logo

ABŞ-ın Bakıdakı səfirliyi jurnalistika üzrə Magistr Proqramını elan edir

19:33 09-03-2021 | icon 1820
ABŞ-ın Bakıdakı səfirliyi jurnalistika üzrə Magistr Proqramını elan edir

ABŞ-ın Azərbaycandakı səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbuluna başlayır.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı və Gürcüstandan olan müəllimlər tərəfindən aparılır.

Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.  

Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2021-2023-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2021-dekabr 2022) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestrdə isə  (2023 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2023-cü ilin iyul ayında diplom işlərini müdafiə etmək üçün onlar yenidən GİPA-ya qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlarından, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlı jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar. 

Çap, onlayn və tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.  

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.  

ABŞ-ın Bakıdakı Səfirliyi tələbələrin tədris və yaşayış xərclərini maliyyələşdirəcək. 

Qaliblər, bu ilin avqust ayında birgə Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə nəticəsində müəyyənləşəcək. Sənədlərin son qəbul ğünü 10 may 2021-ci ildir. 

Əlavə məlumat üçün əlaqə saxlamaq: 

Mehdi Hüseynquluyev, proqramın yerli koordinatoru 

E-mail:  [email protected] 

[email protected]