Martın 8-də saat 9 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində 3 nəfərin meyitinin yaşadıqları evdə aşkarlanması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, 1987-ci il təvəllüdlü Məmmədova Leyla Yunis qızı iki uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayətin başvermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.