Daxili İşlər Nazirliyi(DİN) Bakıda bir qrup qadının 8 Mart- Beynəlxalq Qadınlar Günündə yürüşə hazırlaşması ilə bağlı xəbərdarlıq edib.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, yürüşün paytaxtın Fəvvarələr meydanından başlayaraq Azad qadın heykəlinə kimi keçirilməsi, "8 marş – Haqlarımız uğrunda!” şüarının səsləndirilməsi nəzərdə tutulub.
"Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyaya icazə verilmir. Xüsusən də xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır. Əgər bu istiqamətdə hər hansı addım atılarsa, polis bunun qarşısını alacaq”, - deyə E.Zahidov bildirib.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti bir qrup feminist qadının paytaxtda yürüş keçirmək istəyinə razılıq verməyib.