Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, martın 7-də Xəzər akvatoriyasında gün ərzində şimal-qərb küləyi 19-24 m/s, arabir 27-32 m/s, açıq dənizdə isə arabir 35-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda isə 5,5-7,5 metrə çatacağı proqnazlaşdırılır.
Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.