Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaş Mehtiyev Qabil Şahpələng oğlunun 55 min manat məbləğində pulunun Vahid Əhmədov və oğlu Rəşad Əhmədov tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciətinin bəzi kütləvi informasiya vasitələrində dərc edilməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğunun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin müraciət üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılmaqla Vahid Əhmədovun oğlu Rəşad Əhmədovla birlikdə bir qrup şəxs halında Qabil Mehtiyevin etibarından sui-istifadə edib aldadaraq qardaşı Ramil Mehdiyevin həbsdən buraxılmasını həll edəcəklərini vəd verərək, 2018-ci ilin sentyabrından 2020-ci ilin martınadək olan müddətdə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Hazırda cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.