logo

Göydələn tikmək üçün ağacları kəsən şirkət  17 min manat cərimələndi

15:30 02-03-2021 | icon 1652
Göydələn tikmək üçün ağacları kəsən şirkət  17 min manat cərimələndi

Binəqədi rayonun 18-ci Dağlıq küçəsi ev 1 ünvanında “Mahal” MTK tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların kök üstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Binəqədi rayon Prokurorluğundan bildirilib.Qeyd edilib ki, aparılmış araşdırmalarla Rəhimov İlqar Vəliyəddin oğlunun “Mahal” MTK-nın sədri vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, həmin ünvanda çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında meşə fonduna daxil olmayan və cəmi 17 min 100 manat dəyərində 8 ədəd şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilib.