Ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunun Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Ağdaş Rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Ülkər Ələkbərova Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.