Yasamal rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Bahadur Ağayev rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin hadisə zamanı qonşusu olan ahıl yaşlı qadının evinə daxil olduğu müəyyənləşdirilib. Məlumdur ki, o, qadının yataq xəstəsi olması və sərbəst hərəkət edə bilməməsindən istifadə edərək dəyəri 550 manat olan “Samsung” markalı mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirib. Polis əməkdaşları tərəfindən saxlanılan Bahadur Ağayev törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Bahadur Ağayevin paytaxt ərazisində digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin “102” - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.