Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, fevralın 18-də Tərtər rayon sakini Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad edilmiş əraziyə keçməyə cəhd edib və bu zaman düşdüyü minanın partlaması nəticəsində həlak olub.
Qeyd edək ki, cari ilin yanvar və fevral ayları ərzində mərhum Bəxtiyar Mahmudov və qardaşı Şəhriyar iki dəfə işğaldan azad olunmuş ərazilərə keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki halda onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati cəza tədbirləri görülüb. Belə ki, məhkəmənin qərarı ilə Şəhriyar inzibati qaydada həbs olunmuş, mərhum Bəxtiyar isə cərimə edilib. Üçüncü dəfə, yəni, fevralın 18-də Bəxtiyar Mahmudovun işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərməsi özünün faciəsi ilə nəticələnib.
“Odur ki, vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”, - deyə nazirliyin müraciətində bildirilir.