logo

Paytaxt polisi 48 kq narkotik vasitəni ələ keçirdi

18:09 18-02-2021 | icon 1834
Paytaxt polisi 48 kq narkotik vasitəni ələ keçirdi

Daxili İşlər Nazirliyinin(DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Bəhruz Sərdarov saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Bəhruz Sərdarovun üzərinə baxış zamanı 15 qrama yaxın heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq  onun Yasamal rayonundakı evinə baxış keçirilib və oradan 12 kiloqram heroin, 1 kiloqram 645 qram metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin Bakıda yaşayan vətəndaşından satmaq məqsədilə aldığını bildirib.

Baş İdarə əməkdaşları dərhal “isti izlər”lə həmin şəxsin axtarışlarına başlayıblar. Görülən tədbirlər nəticəsində həmin şəxs də qısa vaxtda saxlanılıb. İstintaq sirri olduğu üçün adı açıqlanmayan həmin şəxsin üzərindən və avtomobilindən 1 kiloqram heroin, 503 qram metamfetamin, onun paytaxt ərazisində yaşadığı mənzildən isə əlavə olaraq 27 kiloqram 500 qram heroin, 4 kiloqram 500 qram metamfetamin, 1 kiloqram tiryək və elektron tərəzi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki istintaqa məlum olmayan tanışının vasitəsilə bir neçə gün öncə Biləsuvar rayonunda əvvəlcədən gizlədilən yerdən satmaq üçün götürdüyünü bildirib.

Beləliklə, Baş İdarənin əməkdaşları tərəfindən keçirilən bu əməliyyat nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik 48 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.