logo

Nizaməddin Quliyev sahibkarlardan  rüşvət tələb etdiyini boynuna aldı

21:13 16-02-2021 | icon 2009
Nizaməddin Quliyev sahibkarlardan  rüşvət tələb etdiyini boynuna aldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 YeniAvropa xəbər verir ki, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. Təqsiləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini qismən təqsirli biliblər.

Prosesdə iş üzrə 21 şahid dindirilib.

Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.

Xatırladaq ki, Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  əməkdaşları tərəfindən 2019-cu ilin  dekabrında saxlanılıb.

 DTX-nın yaydığı məlumata görə, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

N.Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Təqsirləndirilən şəxslərə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə ilə bağlı itithamlar verilib.