logo

Vətən müharibəsində Qələbənin 100-cü gününə ağaclar əkildi

14:50 16-02-2021 | icon 1939
Vətən müharibəsində Qələbənin 100-cü gününə ağaclar əkildi

Vətən müharibəsində Qələbənin 100-cü günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Səbail Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və “Davam” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə paytaxtın Səbail rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

 YeniAvropa xəbər verir ki, aksiya İkinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəman əsgər və zabitlərimizin şərəfinə, şəhidlərimizin xatirəsinə, Ordumuzun şanlı Qələbəsinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Tədbirdə qeyd olunan qurumların nümayəndələri, Vətən müharibəsinin iştirakçıları, qazilər, şəhidlərin ailə üzvləri və fəal könüllü gənclər iştirak ediblər.

Aksiya Azərbaycan Respublikasının dövlət bayrağının gətirilməsi ilə başlayıb. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Vətən müharibəsində Qələbənin 100-cü gününə həsr olunmuş aksiya zamanı həmişəyaşıl ağac tingləri əkilib.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov aksiyada Səbail rayonunda yaşayan şəhid ailələrinin üzvlərinin də iştirak etdiklərini vurğulayıb: “Bizim üçün qürurverici haldır ki, məhz şəhidlərimizin ailə üzvləri, analarımız, bacılarımız və qardaşlarımız aksiyaya fəal şəkildə qoşularaq, ağac əkdilər. Burada boy atacaq ağaclar şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşamasını əks etdirəcək”.

Şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova deyib: “Şəhidlərimizin xatirəsinə hörmət və ehtiramın daha bir ifadəsi olan belə bir aksiyanın təşkilinə görə təşəkkür edirəm. Vətən müharibəsində qazanılan Qələbəyə, şəhidlərimizin xatirəsinə göstərilən dərin ehtirama, qazilərə yetirilən diqqət və qayğıya görə  Ali Baş Komandan İlham Əliyevə minnətdaram. Bizim kədərimiz böyük olsa da, dərdimiz qədər də təsəllimiz var. Çünki balalarımızın o dünyadakı yerləri cənnətdir, onlar şəhidlik zirvəsinə ucalıblar”.