Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Bəhruz Salmanov Binə qəsəbəsi ərazisində saxlanılıb. Axtarış zamanı ondan 5 kiloqram 18 qram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Bəhruz Salmanov narkotik vasitələri Binə qəsəbəsində yaşadığı evin həyətində əkib-becərərək onlara xüsusi qulluq edib. Daha sonra o, çətənə kollarını həm şəxsi istifadə, həm də satmaq məqsədilə qurudub.
Faktla bağlı saxlanılan şəxs barəsində 3-cü polis bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.