Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının əməkdaşı İsmayılov Həsənağa İsmayıl oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Şəmkir rayon Prokurorluğunda araşdırma aparılıb.
Şəmkir rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla DSMF-nin 19 saylı regional ərazi filialının sosial sığorta sektorunun baş məsləhətçisi işləmiş İsmayılov Həsənağa İsmayıl oğlunun rayonun Bayramlı kənd sakini Məmmədova Aynurə Vahid qızına ünvanlı sosial yardım düzəldərək, əvvəlcədən razılaşdıqları kimi təyin edilmiş ünvanlı sosial yardımın altı aylıq ödənişi miqdarında olan 1200 manat məbləğində pulu hissə-hissə rüşvət almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.