logo

DİN Siyavuş Novruzova cavab verdi:Buyursun versin məhkəməyə...

11:01 11-02-2021 | icon 2058
DİN Siyavuş Novruzova cavab verdi:Buyursun versin məhkəməyə...

"Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var”.

YeniAvropa xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deputat Siyavuş Novruzovun DİN-i məhkəməyə verməsinə münasibət bildirərkən deyib.

Ehsan Zahidov əlavə şərh verməyərək, Siyavuş Novruzovun da bu ölkənin vətəndaşı olduğunu diqqətə çatdırıb: "Məhkəməyə vermək istəyir, buyursun versin”.


Qeyd edək ki, deputat Siyavuş Novruzov "unikal.org"a açıqlamasında Daxili İşlər Nazirliyini məhkəməyə verdiyini deyib. O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi tamamilə qanunsuzdur: "Görünən odur ki, aidiyyatı qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur. Halbuki, həmin qanunu biz qəbul etmişik. Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur. Yəni, hara istəyir gedə bilər. Ona görə də millət vəkili kimi həmin qanunun müvafiq madddəsi ilə deputat olaraq mənim barəmdə cərimələnmək qərarı vermək qanunsuzdur. Onu da qeyd edim ki, qanun Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından üstündür. Bu səbəbdən də mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm”.

Deputat onu da bildirib ki, artıq iddia ərizəsi hazırdır və Nəsimi Rayon Məhkəməsinə müraciət edəcək:

"Bu məsələdə geri addım atmaq, güzəştə getmək olmaz. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Mən öz şəxsiyyətimi qoruyan adamam və heç kimə imkan vermərəm ki, mənimlə bu şəkildə davransın. Qanunsuzluq edənlərin hər biri elə qanunla cavablarını alacaqlar. Təzminat kimi 400 min manat tələb edirəm və həmin pulu şəhid ailələrinə bağışlayacağam”.

Xatırladaq ki, ötən il karantin qaydalarını pozaraq Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi.