logo

Azərbaycanda yeni su anbarlarının inşa edilməsi nəzərdə tutulur

16:10 09-02-2021 | icon 1974
Azərbaycanda yeni su anbarlarının inşa edilməsi nəzərdə tutulur

Azərbaycanda 140-dan çox su anbarı mövcuddur. Həmin anbarlarda təxminən 21,9 milyard kubmetr su var. Su anbarlarına yığılan sular iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.

YeniAvropa xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, mövcud su anbarlarında kifayət qədər su ehtiyatı var: “Son dövrlər yağıntıların az olması anbarlarda suyun azalmasına səbəb olub. Görülən tədbirlər çərçivəsində həmin suları stabilləşdirmək mümkün olub.

Dövlət başçısının təsdiq etdiyi Tədbirlər Planı çərçivəsində 10 su anbarının yenidən qurulması və ya yenilərinin inşası nəzərdə tutulur. Böyük Qafqaz dağlarının ətəyində olan çaylar - Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Kiçik Qafqazda isə Viləşçay və Zəyəmçay üzərində su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarlarının texniki iqtisadi əsaslandırılması hazırlanır. Yaxın illərdə həmin su anbarlarının tikintisinə başlanılacaq".