Paytaxt ərazisində söküntü işləri aparılarkən şam ağaclarının qanunsuz kəsilməsi faktı ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Aparılmış araşdırmalarla vəzifəli şəxsin qulluq mənafeyi tələb etdiyi halda öz səlahiyyətlərindən istifadə etməməsi nəticəsində paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsi Şahin Səmədov küçəsi 9K ünvanında 0,7681 hektar ərazidə söküntü işləri aparılarkən orada mövcud olmuş meşə fonduna daxil olmayan 15, cəmi 31 min 500 manat dəyərində 15 ədəd bioloji inkişafda olan şam ağacının qanunsuz kəsilməsi (götürülməsi) nəticəsində külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilir.