logo

Dənizin dibi ilə çəkilən kabelləri kəsərək oğurlayan şəxslər saxlanılıb

15:51 06-02-2021 | icon 1953
Dənizin dibi ilə çəkilən kabelləri kəsərək oğurlayan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin regional şöbəsinin “Zirə” sahil nəzarət bölməsinin əməkdaşları ilə birgə həyata keçirdikləri növbəti əməliyyat zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd hərəkətlərin qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, idarənin əməkdaşları Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı kabelləri kəsib satışını təşkil edən şəxslərə qarşı mübarizəni mütəmadi olaraq davam etdirir. Sonuncu tədbir zamanı Xəzər rayonunun Zirə qəsəbəsi istiqamətində dəniz sahilində vətəndaşlar Elman Nəsirov, İlqar Əhmədov və Mövla Dövlətov saxlanılıblar. Onlara məxsus mühərriklə təchiz edilmiş qayığa baxış zamanı həmin şəxslərin dənizdən kəsərək oğurladıqları 200 kiloqram çəkidə müxtəlif ölçülü və təyinatlı kabellər aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər əvvəlcə balıq tutmaq üçün müvafiq dövlət qurumlarında kvotalar əldə ediblər. Xəzər dənizinə balıq tutmaq adı ilə gedən dəstə üzvəri orada bunun əvəzində suyun altı ilə gedən kabelləri kəsərək ələ keçiriblər. Onlara məxsus qayığa baxış zamanı bir dənə də olsun balığın aşkar edilməməsi həmin şəxslərin əsl məqsədlərinin məhz sualtı kabel xətlərini oğurlamaq olduğunu deməyə əsas verir. Hazırda polis idarəsində dəstə üzvləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Su polisləri Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı əməliyyat tədbirlərini bundan sonra da qətiyyətlə davam etdirəcək.

Su Nəqliyyatında Polis İdarəsinin brakonyerliklə mübarizə bölməsi əməkdaşlarının Xəzər dənizinin Sumqayıt şəhəri Corat qəsəbəsi istiqamətində keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovlamaqla məşğul olan Rafət Ayazov və Hikmət Səmədov saxlanılıblar. Onlara məxsus asma mühərriklə təchiz edilmiş qayığa baxış zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə, eləcə də digər cinsli balıqlar aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin icazələri və kvotaları olmadan müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqları qanunsuz tutduqları məlum olub. Aşkarlanan nərə balıqları polis əməkdaşları tərəfindən təkrar Xəzər dənizinə buraxılıb. Qanunsuz balıq ovu ilə məşğul olan Rafət Ayazov və Hikmət Səmədov barəsində qanunla nəzərədə tutulan qaydada tədbir görülüb.

Su Polisləri tərəfindən, həmçinin adı “Qırmızı kitab”a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində də tədbirlər davam etdirilir. İdarənin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli parklarında, Sarısu, “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində, Xəzər dənizinin Siyəzən rayonu, eləcə də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində balıqçılıq və ovçuluqla qanunsuz məşğul olan, adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi davam etdiriləcək.

DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə mütəmadi olaraq paytaxt ərazisində, eləcə də bölgələrdə yol kənarında icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərlə bundan sonra da profilaktik söhbətlər aparacaq, qanun pozuntusuna yol verənlər barəsində müvafiq tədbirlər görəcəklər.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012 433-38-12 və 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.