logo

Pirallıda tanış qadını öldürüb həyətində basdıran şəxs tutuldu 

11:36 06-02-2021 | icon 1834
Pirallıda tanış qadını öldürüb həyətində basdıran şəxs tutuldu 

Cari il yanvarın 17-də paytaxtın Pirallahı rayon sakini 1981-ci il təvəllüdlü Ramazanova Lalə Ələmdar qızının itkin düşməsi ilə bağlı Pirallahı rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində “isti izlər”lə açılması təmin edilib, itkin düşmüş Lalə Ramazanovanın qəsdən öldürülməsi müəyyənləşdirilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, araşdırmalarla 1975-ci il təvəllüdlü Telman Mövsümzadənin yanvarın 17-də saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarətlər yetirərək öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədilə meyiti həmin evin həyətinə basdırmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Telman Mövsümzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Şübhəli şəxs Telman Mövsümzadənin ifadəsinin yerində yoxlanılması həyata keçirilərkən Lalə Ramazanovanın meyiti aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq basdırıldığı yerdən çıxarılmaqla məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə göndərilib.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.