logo

Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirilib

12:59 05-02-2021 | icon 2191
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Litva arasında İkitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib. Onlayn iclasda Qida Təhlükəsizliyi Agentliyin şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev və Litvanın Dövlət Qida və Baytarlıq Xidmətinin rəis müavini, baş dövlət baytarlıq müfəttişi Darius Remeikanın başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, iclasda qida təhlükəsizliyi və qida məhsullarının monitorinqi sahəsində təcrübə mübadiləsi, həmçinin baytarlıq və qida təhlükəsizliyi sertifikatlarının məzmunu və istifadəsi ilə əlaqədar qarşılıqlı məsləhətləşmələr müzakirə olunub.

Litva Respublikasının baş dövlət baytarlıq müfəttişi Darius Remeika təmsil etdiyi qurumun qida zəncirinin bütün mərhələlərində “tarladan süfrəyə” prinsipi əsasında qida təhlükəsizliyinə nəzarəti həyata keçirdiyini diqqətə çatdırıb. O, Litva Respublikasının sərhəd-keçid nəzarət məntəqələrində həyata keçirilən yoxlama-nəzarət tədbirləri və Kaunas şəhərində yerləşən süd və süd məhsullarının analizi laboratoriyası haqqında, Kaunas şəhərində yerləşən süd analizi laboratoriyasının imkanları, aparılan analizlərə görə heyvanların xəstəlikləri, onların yem rasionlarının tərkibi, habelə istehsal olunan südün təhlükəsizlik və keyfiyyət göstəricilərinin təyin olunmasının mümkünlüyü barədə məlumat verib. Tərəflər həmin təcrübənin birgə istifadə olunması barədə fikir mübadiləsi aparıblar.

İclasda Qalib Əbdüləliyev son illər ölkəmizdə həyata keçirilən heyvan sağlamlığı və baytarlıq nəzarəti tədbirləri haqqında məlumat verib. İki ölkə arasında qarşılıqlı əməkdaşlığın səmərəli olacağını, eyni zamanda sərhəd keçid məntəqələri və laboratoriyalarla bağlı birgə işlərin qurularaq təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.