Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından ilk hasilat başlandığı dövrdən indiyədək 135 milyard kubmetr təbii qaz hasil olunub.
YeniAvropa xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz” yatağından bu vaxtadək 32 milyon ton kondensat əldə edilib.
Qeyd edək ki, 2020-ci ildə “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 18,1 milyard standart kubmetr qaz və təqribən 3,6 milyon ton (29 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur.
İl ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib. Ötən il “Şahdəniz” üzrə fəaliyyətlərə 1 milyard dollardan çox əməliyyat və 942 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.