logo

İstanbulda “Azərbaycan” prospektinin açılışı olub

13:09 03-02-2021 | icon 1904
İstanbulda “Azərbaycan” prospektinin açılışı olub

Fevralın 3-də Türkiyənin İstanbul şəhərində “Azərbaycan” prospektinin rəsmi açılış mərasimi keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İstanbulun mərkəzi rayonlarından biri olan Sarıyerin qədim hissəsindəki “Cendere” prospektinin adı ölkəmizin bu şəhərdəki baş konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adlandırılıb. Bu, “bir millət, iki dövlət!” şüarı altında birləşən Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağlarının daha bir bariz nümunəsidir.

Prospektin adının dəyişdirilməsi Sarıyer Bələdiyyə Məclisinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin müvafiq qərarı ilə həyata keçirilib.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc, konsulluğun və bələdiyyənin əməkdaşları, İstanbul Böyükşəhər Bələdiyyəsinin Baş katibi Can Akın Çağlar, bu şəhərdə yaşayan, işləyən və təhsil alan həmyerlilərimiz iştirak ediblər.

Açılış mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva Azərbaycanın adının İstanbulun ən böyük prospektlərindən birinə verilməsini iki qardaş ölkənin bir-birinə bağlılığın növbəti nümunəsi olduğunu bildirib.

Qeyd edilib ki, dövlətlərimiz və xalqlarımız arasındakı bu birlik və bərabərlik xüsusilə 2020-ci ildə özünü daha aydın şəkildə büruzə verdi. Azərbaycanın tarixi torpaqlarını geri qaytarmaq üçün apardığı Vətən müharibəsində Türkiyənin ölkəmizin yanında olması və göstərdiyi dəstək hər iki xalq üçün çox vacib idi. Azərbaycan adının burada yaşadılması ölkələrimizin qardaşlığı, birgə tarixi və mədəniyyəti baxımından çox vacibdir.

Digər çıxış edənlər Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi olacağını xüsusi vurğulayıblar.