Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat verilib.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Fevralın 1-də ilkin axtarış tədbirləri çərçivəsində Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. İlkin axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkarlanıb.
Bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilib (Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazidə). Axtarışlar davam etdirilir.