logo

Vətən müharibəsinin şəhid kapitanı dəfn edildi

18:48 31-01-2021 | icon 1764
Vətən müharibəsinin şəhid kapitanı dəfn edildi

Kürdəmir rayonunda Vətən müharibəsində şəhid olan kapitan Ramil Taqət oğlu Babayev dəfn olunub.

YeniAvropa xəbər verir ki, şəhid Ramil Babayev Vətən müharibəsinin ilk günündən kəşfiyyatçı kimi Quru Qoşunlarda döyüşə qatılıb. O, sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Müharibənin ilk günlərindən barəsində heç bir məlumat olmayan Ramil Babayevin şəhid olması aydınlaşıb.Bu gün isə onun nəşi ailəsinə təhvil verilib, mərhum Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin komandirləri və döyüş yoldaşları iştirak ediblər.

0-1-111

Xatırladaq  ki, şəhid kapitan Ramil Taqət oğlu Babayev 1991-ci ildə Kürdəmirdə anadan olub. Ramil ilk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

Daha sonra təhsilini Silahlı Qüvvələrin Hərbi Akademiyasında davam etdirərək oranı bitirib və zabit rütbəsi alıb. İlk xidmətə Goranboy rayonunda başlayıb və Vətənə layiqli xidmət edib, dəflərlə komandirləri tərəfindən mükafatlara layiq görülüb.

Qeyd edək ki, Ramil ailəli idi, onun bir oğlu və bir qız övladı yadigar qalıb. Ramil yeni anadan olan oğlunun dünyaya gəlməsindən xəbərsiz şəhidlik zirvəsinə ucalıb. Ailəsi isə yeni doğulan körpəyə elə şəhid Ramilin adını qoymaq niyyətindədir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!