Vaxtilə Qarabağda 167 faydalı qazıntı yatağı kəşf edilib. Bu ehtiyatların hamısı rəsmi balansa salınmışdı. Onlardan 141-i bərk filiz və qeyri-filiz yataqları, 26-sı yeraltı şirin su və termal yataqları, 16-sı isə yeraltı içməli su yataqlarıdır.
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülən və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.
"İşğalçılar yeraltı mineral xammal ehtiyatlara ciddi ziyan vurublar. Regionda dörd iri yataq ciddi şəkildə istismar edilib və ətrafa böyük ekoloji ziyan vurulub. Təəssüf ki, bu işdə erməni işğalçılarına xarici şirkətlər və investorlar yaxından kömək ediblər. Hazırda regionda mütəxəssislər hər bir yatağın ayrı-ayrılıqda monitorinq və diaqnostikasının həyata keçirilməsi istiqamətində ilkin işlərə başlayıblar", - deyə Ə.Əliyev bildirib.