Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun paytaxtın Sulutəpə qəsəbəsindəki villası ilə bağlı məlumatlar ortaya çıxıb.
YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özüünün "Facebook" səhifəsində status paylaşıb.
Onun sözlərinə görə, 4 hektarlıq ərazini əhatə edən villa böyük bir kompleksdən ibarətdir və buraya bir neçə tikili daxildir.
“Peyk görüntülərindən də göründüyü kimi, kompleksdə ikigünbəzli villa diqqət çəkir. Villanın sağ cinahında sabiq spikerin çay evi və hovuzu yerləşir. Əsədov burada qızı və Nazim adlı qardaşı üçün də villalar tikdirib, kompleksdə özəl fitness və bilyard salonları var.
Ən əsası isə keçmiş spikerin Şüvəlandakı villasında olduğu kimi, burada da iri tennis kortu diqqət çəkir. Hələ də tennis Azərbaycan Tennis Federasiyasına rəhbərlik edən cənab Əsədov elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir və bu idman növü mütləq onun villalarının hündür hasarlarının içində olmalıdır”,-deyə Cavanşir Həsənli vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl digər araşdırmaçı jurnalist -Mehman Hüseynov "YouTube"də sabiq spiker Oqtay Əsədovun Şüvəlandakı villasının videogörüntülərini yayıb. Dam örtüyünün rəngi istisna olmaqla , demək olar ki, hər iki villa dizayn və qurluşu eynidir.