logo

2020-ci ildə Azərbaycanda 67,9 min  oğlan, 59,6 min qız doğulub

14:29 25-01-2021 | icon 2422
2020-ci ildə Azərbaycanda 67,9 min  oğlan, 59,6 min qız doğulub

Ötən il Azərbaycanda 35 min 576 nikah qeydə alınıb. Həmçinin faktiki nikahda olan 1420 cütlük müəyyənləşdirilib. Onların 981-nin nikahı dövlət qeydiyyatlına alınıb. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət edən və erkən nikah yaşında olan 61 şəxs qohumlar arasında erkən nikahın həyat və sağlamlığa mənfi-psixoloji təsiri barədə məlumatlandırılıb, 53 maarifləndirmə işi həyata keçirilib. Nikahın pozulması haqqında qeydiyyat şöbələri tərəfindən 1182 ərizə qəbul edilib. Onlardan 1550-si üzrə şəxslər psixoloqla söhbətə cəlb olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.

Bildirilib ki, ötən il 127 min 588 uşağın doğumu qeydə alınıb. Onlardan 67 min 972-si oğlan, 59 min 616-sı qız olub. Həmçinin 1691 əkizin, 46 üçəmin və 1 dördəmin doğumu qeydə alınıb. Bundan başqa, 1401 uşağın doğumu səyyar qaydada xəstəxanada dövlət qeydiyyatına alınıb və doğum haqqında şəhadətnamə verilib. Kəndlərdə, qəsəbələrdə doğumu qeydiyyata alınmayan uşaqlarla bağlı maarifləndirmə işləri nəticəsində 1312 uşaq aşkarlanıb. Onlardan 1205-i dövlət qeydiyyatına alınıb.

Qeyd edilib ki, ötən il doğumu qeydə alınan kişi cinsindən olan körpələrə ən çox Yusif adı verilib. Ötən il körpələrə ən çox verilən qız adı isə Zəhra olub.