logo

“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur

17:10 15-01-2021 | icon 2366
“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur

2021-ci il yanvarın 7-dən 12-dək Qazaxıstanın Almatı şəhərində 17-ci Beynəlxalq Jautıkov Olimpiadasında “Azercell”in dəstəyi ilə ölkəmizi təmsil edən məktəblilərimiz yüksək nəticələr nümayiş etdiriblər.

 YeniAvropa xəbər verir ki, riyaziyyat, fizika və informatika fənni üzrə təşkil edilən elm yarışında virtual formada iştirak edən komandalarımız ümumilikdə 15 medal qazanıblar. İnformatika fənni üzrə “Azercell”in dəstəyi ilə bu müsabiqəyə qoşulan məktəblilərimiz 3 medal əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.

Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası başda olmaqla informatika üzrə müxtəlifmiqyaslı beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” və Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Asiya-Sakit Okean İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 6 gümüş və 18 bürünc olmaqla ümumilikdə 25 medal əldə ediblər.

Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Bütün bu uğurlu nəticələr, qazanılan medallar informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların dəstəklənməsi üçün təşəbbüslərin real nəticə verdiyini sübut edir.