Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları nəzarət-profilaktik yoxlamaları davam etdirirlər.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, yanvarın 14-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1766 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 nəfər barəsində inzibati həbs, 2772 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda, ev şəraitində müalicəsi təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub. Onlar saxlanılaraq evə qaytarılıblar. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlardan izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət olunmasını xahiş edir.