logo

Həbsdə olan “Zaminbank”ın sədri məhkəmə qarşısına  çıxarılır

15:29 07-01-2021 | icon 2142
Həbsdə olan “Zaminbank”ın sədri məhkəmə qarşısına  çıxarılır

Fəaliyyəti 2016-cı ildən dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlunun qanunsuz əməlləri ilə əlaqədar hazırda ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin istintaqı yekunlaşıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, aparılmış istintaqla Nadir İsmayılovun həmin vəzifədə işləyərkən 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Bundan başqa, Nadir İsmayılovun 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq etməsinə və bilə-bilə saxta sənədlərdən istifadə etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Nadir İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı Nadir İsmayılovun qanunsuz əməlləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədilə ona məxsus əmlak üzərinə həbs qoyulması təmin olunub.

Eyni zamanda, sözügedən korrupsiya sxemlərində digər şəxslərin iştirakını araşdırmaq məqsədilə, o cümlədən qanunsuz verilmiş kreditlərin aşkarlanması ilə bağlı ayrıca icraatda cinayət işi ayrılaraq hazırda istintaqı davam etdirilir.

İstintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Xatırladaq ki, “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov ötən ilin iyulunda həbs edilib. O, 20 milyon manatdan çox pul mənimsəkdə şübhəli bilindiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılmışdı.

Qeyd edək ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.