logo

Azərbaycan mediasında islahatlar aparacaq yeni qurum yaradılır

12:10 06-01-2021 | icon 2135
Azərbaycan mediasında islahatlar aparacaq yeni qurum yaradılır

Yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək.

  YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır. "APA"nın əldə etdiyi məlumata görə,bundan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. Gələn ay qanun layihəsinin Milli Məclisə təqdim olunacağı bildirilir.

Əvvəllər də ekspertlər bildirirdilər ki, 2000-ci illərin əvvəlində sürətli inkişaf dövrünə qədəm qoyan media hazırda durğunluq mərhələsindədir. Mövcud qanunvericilik yeni dövrün reallıqlarına uyğun deyil, kommunikasiya sahəsində son 20 ildə baş verən dəyişiklikləri əhatə etmir. Bu isə istər onlayn, istərsə də sosial media sahəsində xaotik vəziyyətin yaranmasına səbəb olub.

Qarşıdan gələn dövrdə həyata keçiriləcək tədbirlərin medianın inkişafına təkan verəcəyi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, müasir standartların geniş tətbiqinə səbəb olacağı gözlənilir.