logo

Bu gün nakam şair Mikayıl Müşfiqin anım günüdür

11:48 06-01-2021 | icon 2170
Bu gün nakam şair Mikayıl Müşfiqin anım günüdür

Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi- şair, tərcüməçi və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərnəşr"in keçmiş redaktoru, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür.

 YeniAvropa xəbər verir ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə(Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, "Vüsuqi" təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. NKVD-nin 27 may 1937-ci ildə təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda qeyd olunur ki, "Mikayıl Müşfiq hal-hazırda "Müsavat gənclər təşkilatı ilə əlaqə saхlayıb, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir". Bundan əlavə arayışda Müşfiqin "Azərbaycanın öz azadlığı yoхdur, o, Rusiyanın koloniyasında yaşayır" kimi qızışdırıcı sözləri ilə хalqın arasında narazılıq yaratmaq istəyi iddia olunurdu.

Həbs olunmuş müttəhimlərin "könüllü" surətdə yazdığı izahatlar da nəzərə alınaraq Mikayıl Müşfiq iyunun 4-də evində həbs edilir. 

1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir.Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilir.

1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır.